ABŞ-ın məşhur avtomobil istehsalçısı Shelby American Kaliforniyada keçirilən Monterey Car Week çərçivəsində yeni idman avtomobili olan Shelby Super Snake-R modelini ictimaiyyətə təqdim edib.
Şirkətin açıqlamasına görə, bu model onların bu günə qədər istehsal etdiyi ən aqressiv və yüksək performanslı avtomobildir.
Yeni kupe Ford Mustang Dark Horse bazasında hazırlanıb və sırf yarış trasları üçün nəzərdə tutulub. Avtomobil əvvəlki Super Snake versiyası ilə müqayisədə daha güclü və texniki cəhətdən təkmilləşdirilmiş formadadır.
Model 5 litrlik Coyote V8 mühərriki ilə təchiz olunub. Shelby mühəndisləri bu mühərrikə mexaniki kompressor və əlavə modifikasiyalar tətbiq edərək gücünü 850 at gücündən yuxarı səviyyəyə çatdırıblar. Sürücülər bu gücə ya Tremec TR-3160 adlı 6 pilləli mexaniki, ya da 10 pilləli avtomatik sürətlər qutusu vasitəsilə nəzarət edə biləcəklər.
Shelby Super Snake-R həmçinin aerodinamik göstəricilərinə görə də fərqlənir – dəyişdirilmiş yan ətəklər, böyüdülmüş arxa spoyler və 335 mm enində Michelin təkərlərlə təchiz edilmiş 20 düymlük maqnezium disklər avtomobilin performansını daha da artırır. Kuzovun bəzi hissələri isə karbon lifindən hazırlanıb ki, bu da çəkini azaltmağa xidmət edir.
Bütün bu təkmilləşdirmələrə baxmayaraq, avtomobilin ümumi çəkisi 1816 kiloqram təşkil edir ki, bu da onun əsasını təşkil edən Mustang Dark Horse modelindən 53 kiloqram daha ağırdır.
Finss.az üçün Vüqar Bağırov hazırladı